RAISE A GLASS in Azerbaijan

Azərbaycan Turizm Bürosu “Iter Vitis” mükafatına layiq görülüb

Azərbaycan Turizm Bürosu “Iter Vitis” mükafatına layiq görülüb

Azərbaycan Turizm Bürosu “Iter Vitis” mükafatına layiq görülüb

22 oktyabr, 2020-ci il tarixində Azərbaycan Turizm Bürosu (ATB) üzümçülük mədəniyyəti, şərabçılıq və şərab turizminin təbliğ edilməsi istiqamətində gördüyü işlərə görə “Iter Vitis” marşrutlarının banisi Paolo Buenvenitonun xatirəsinə həsr olunmuş “Xüsusi Iter Vitis Mükafatı”na layiq görülüb. 
“Iter Vitis” Avropa Şurası tərəfindən yaradılmış mədəni marşrutlar şəbəkəsi olub, maddi və qeyri-maddi şərabçılıq irsinin qorunub saxlanılmasının dəstəklənməsi missiyasını daşıyır. Üzümçülük və şərabçılıq üçün nəzərdə tutulan landşaftları Avropa mədəni irsinin mühüm bir hissəsi hesab edən Avropa Şurası yeni səyahət perspektivlərinin təklifində bir vasitə kimi də “Iter Vitis” marşrutlarının əhəmiyyətini xüsusi vurğulayır. 
Qeyd edək ki, 2020-ci ilin əvvəlində Qafqaz regionunda şərab turizminin imkanları dəyərləndirildikdən sonra Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun birgə təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutu yaradılmışdır. Həmin marşrut Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edir. Bu isə o deməkdir ki, Qafqazın şərab marşrutu Avropa Şurası tərəfindən yerli üzümçülük irsinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmış və təsdiqlənmiş marşrutlardan biridir. Bu layihə adı çəkilən ölkələr arasında şərabçılıq və şərab turizminin inkişafı ilə bağlı təlimlər vasitəsilə əməkdaşlıq qurmaqla təkcə Azərbaycanda yox, Qafqaz regionunda şərab turizminin təkmilləşdirilməsinə xidmət edir. 
Şərabçılıq üzrə ixtisaslaşmış 8 rayondan keçən 3 böyük şərab marşrutuna ev sahibliyi edən Azərbaycan günbəgün inkişaf edən şərab sənayesinə və bu sahə üzrə uzun tarixi olan təcrübəyə malikdir.  Azərbaycanın şərab istehsalının əsas hissəsi böyük şirkətlərin payına düşür. Bu şirkətlər dağ ətəklərində yerləşən üzüm bağları və şərab zavodlarına turlar, dequstasiya otaqları, eləcə də Bakının mərkəzində şərab mərkəzləri təklif edir. Ölkədə “Merlot”, “Pinot Noir”, “Cabernet Sauvignon” və s. kimi tanınmış üzüm növlərindən olduğu kimi regionda yetişən “Saperavi”, “Mədrəsə” və “Bayan Şirə” kimi yerli üzüm növlərindən də istifadə edilərək təbii şirinliyi saxlanılan az spirtli kəmşirin şərab növləri də istehsal olunur.  Azərbaycanın şərab istehsalında ənənəvi növlər ilə yanaşı nardan hazırlanan şərablar da xüsusi yer tutur. Nar şərabını dadmaq istəyənlər AzGranata və AZNAR şərab zavodlarına, Bakının mərkəzində yerləşən şərab barlarına, eləcə də hər il noyabr ayının əvvəlində Göyçayda keçirilən nar festivalına üz tuta bilərlər.